Xəbərlər

Beynəlxalq Parlament Təqaüdü

Almaniya Federativ Respublikasının paytaxtında beş ay yaşamaq və Berlində baş verən ictimai-siyasi hadisələri yaxından izləmək istəyirsən?

Onda bu sənin şansındır!

Bundestaqın baxış meydançası və günbəz
Bundestaqın baxış meydançası və günbəz

Hər il Almaniya Bundestaqı, Berlin Azad Universiteti, Humbolt Universiteti və Berlin Texniki Universitetləri ilə bərabər, dünyanın müxtəlif ölkələrindən olan yüzdən çox ictimai-siyasi fəal gəncə Berlində yaşamaq və Bundestaqda təcrübə keçmək imkanı yaradır. Proqramın əsas məqsədi Almaniyanın digər ölkələrlə əlaqələrini möhkəmləndirmək və iştirakçıları Almaniyanın inzibati-siyasi qurumları ilə tanış etməkdir.

Hər il 1 martda başlayan proqram 31 iyula qədər davam edir. Bu beş ay ərzində təqaüdçülər müxtəlif tədbirlərdə iştirak etmək, seminarlara qatılmaq və onların siyasi görüşləri nəzərə alaraq əvvəlcədən müəyyən olunmuş bir Bundestaq deputatının bürosunda təcrübə toplamaq imkanı qazanırlar. Beynəlxalq Parlament Təqaüdü proqramının ən gözəl tərəflərindən biri də dünyanın bir sıra ölkəsindən olan 30 yaşına qədər gənc mütəxəssislərlə fikir mübadiləsi aparmaq, dünya siyasəti barədə ətraflı məlumat toplamaq imkanıdır.

Təqaüdü qazanmaq üçün səndən alman dili bilikləri və ali təhsildən başqa Almaniyanın tarixi, siyasəti haqqında məlumatının olması tələb olunur. Bundestaqda keçəcəyin təcrübənin əsas məqsədi dil biliklərini təkmilləşdirmək deyil. Başlıca məqsəd səni Almaniya qanunvericiliyi, siyasi partiyalar, parlamentdaxili iş prosesi ilə yaxından tanış etməkdir. Məhz bu və ya digər partiyada təcrübə keçmək istəyirsənsə, nəzərə almalısan ki, iştirakçıların istəyi təşkilatçıların imkanı çərçivəsində nəzərə alınır.

2015-ci ilin parlament təqaüdçuləri fikir mubadiləsi apararkən
2015-ci ilin parlament təqaüdçuləri fikir mubadiləsi apararkən

Proqram ərzində digər ölkə təmsilçilərinin Azərbaycanla bağlı yalnız səthi məlumatlarının olması çox güman ki nəzərindən qaçmayacaq. Mövcud boşluqları doldurmaq üçün proqram çərçivəsində sənə Azərbaycan barədə auditoriya qarşısında təqdimatlar etmək fürsəti yaradılacaq. Bu fürsətdən yararlanmaq, Azərbaycanın tarixi, mədəniyyəti və təbii ki mətbəxi ilə hamını tanış etmək proqramın ən qürurverici və unudulmaz anlarına çevriləcək.

Berlinə gediş-gəliş xərcləri, sağlamlıq və bir sıra digər sığortalar AFR-in proqram üçün ayrılan maddi vəsaiti hesabına qarşılanır. Bundan əlavə iştirakçılara aylıq 500 avro məbləğində təqaüd ayrılır. Verilən təqaüd sənin xərclərini ödəməyə yetərlidir. Amma proqramdan əlavə həftəsonlarını səyahət etmək, bolluca alış-veriş etmək və dostlarına Berlindən çoxlu hədiyyə gətirmək istəyirsənsə, təbii ki öz bank hesabına üz tutmalı olacaqsan.

Avropanın aparıcı ölkələrindən olan Almaniyanın parlamentində əvəzedilməz təcrübə qazanmaq, öz gələcəyinə və ölkənə tövhə vermək istəyirsənsə, bir an öncə proqrama müraciət et!

Ərizələrin qəbulu üçün son müraciət tarixi 30 avqust 2019 tarixinə kimi uzadılıb!

Faydalı linklər:
https://baku.diplo.de/az-de/aktuelles/ips-stipendium-de/2080298
https://www.bundestag.de/ips
https://www.bundestag.de/europa_internationales/ips/aserbaidschan-246166

Oxşar məqalələr