Xəbərlər

Almaniyanın Bakıdakı səfirliyinin İPS üzrə koordinatoru canab Florian Pötterlə müsahibə

Florian Pötter, Almaniyanın Bakıdakı səfirliyinin İPS üzrə koordinatoru
Florian Pötter, Almaniyanın Bakıdakı səfirliyinin İPS üzrə koordinatoru

IPS proqramına seçim ilə bağli artiq bir neçə aydır ki, maraqlananlardan bizə çoxsayli suallar daxil olmaqdadır. Bu suallara cavab tapmaq üçün Almaniyanın Bakıdakı səfirliyinin İPS üzrə koordinatoru canab Pötterə müraciat etdik:

1. Cənab Pötter, özünüz haqda qısa məlumat vermənizi istərdik. Azərbaycana gəlişiniz necə oldu?

Azərbaycan mənim alman diplomatı olaraq xaricdə fəaliyyət göstərdiyim ilk ölkədir. Kommunikasiya və siyasətşünaslıq üzrə ali təhsilimi bitirdikdən sonra mən Berlində Diplomatiya Akademiyasında təhsil almışam. Və bu təhsilimi tamamladıqdan dərhal sonra, 2009-cu ilin iyul ayında təyinatla Bakıya göndərilmişəm.. Səfirlikdə mənim məsul olduğum sahələr daxili siyasət, mətbuat və mədəniyyət sahələridir ki, bu da çoxtərəfli vəzifələri və böyük məsuliyyəti özündə birləşdirir. Və üstəlik xidməti yer belə maraqlı bir məkandırsa: Bakının bir çox müxtəlif mədəniyyətlərin kəsişmə məkanı olması mənimçün çox maraqlıdır. Bu arada qeyd edim ki, artıq bir neçə dəfə fürsətdən istifadə edərək Bakıdan başqa yerlərlə də tanış olmuş, Azərbaycanın gözəl təbiətini gəzib görmüşəm. Çalışdığım sahədə diplomatın xidmət etdiyi yer bir qayda olaraq hər üç ildən bir dəyişdirilir: xarici korpus və Berlində Mərkəz. Yəni, mən hələ ki, bir müddət burada olacam və IPS-in növbəti seçim prosedurunu da – təcrübəmdə artıq üçüncü – yerinə yetirəcəyəm.

2. 0 – 10 ballıq şkala üzrə necə qiymətləndirərdiniz, IPS Azərbaycanda nə dərəcədə tanınır?

Düşünürəm ki, burada iki məqama diqqət yetirmək lazımdır: IPS proqramına iddiaçılar və məzunlar IPS haqqında təbii ki, yüksək səviyyədə məlumatlıdırlar. Amma, əgər bütün Azərbaycana nəzərən qiymətləndirsəm, deyərdim ki, IPS-in tanınması artan xətt üzrədir. Elə buna görə də səfirlik çalışır ki, sizin Birliklə sıx əməkdaşlıqla, birlikdə səy göstərərək IPS-i onunla maraqlana bilən və IPS-in məqsədlərinə uyğun gələn çevrədə tanıdaq və daha çox məlumatlandırmaqla müraciət edənlərin sayının artmasına nail olaq. Məlumdur ki, IPS bütün dünyada özünəməxsus və təkrarı olmayan bir proqramdır və düşünürəm ki, daha çox azərbaycanlı xanımlar və bəylər iştirak etmək imkanı qazanmaq üçün cəhd etməlidirlər.

3. Proqramda iştiraka iddialı olanların müraciət zamanı diqqət yetirməli olduqları xüsusi meyarlar varmı?

Bizim üçün həlledici olan məqam müraciət edən şəxsin IPS haqqında məlumatının nə dərəcədə olmasıdır. Yəni, proqramda iştiraka iddialı şəxs bilirmi ki, proqramdan nə gözləməlidir və onun özündən nə gözlənilir, nə tələb olunur. Bu sualımıza cavab seçim prosedurunun elə lap başlangıc mərhələsində – müraciət üçün təqdim olunmuş sənədlərdən aydın olmalıdır. Bu sənədlər səfirliyə və Alman Bundestaqına iddialı haqqında ilkin – və elə ilk olduğu üçün çox önəmli – təəssüratı verdiyindən, sənədlərin hazırlanmasına kifayət qədər vaxt ayırmaq və səy göstərmək lazımdır. Daha dəqiq desək, önəmli olan əhatəlilik, özünü mümkün qədər az səhvə yol verməklə aydın ifadə etmə, proqramda iştiraka iddianın dolğun əsaslandırılması və s. kimi məsələlərdir.

4. Namizədlərin bir çoxunu müsahibə mərhələsi xüsusilə maraqlandırır. Ümumi təcrübədən müsahibə mərhələsi haqqında nələri anlata bilərsiniz?

Seçim prosesinin şifahi mərhələsinə dəvət olunanlar artıq dərindən nəfəs ala bilərlər. Bu dəvət ən azından onu göstərir ki, həmin şəxslər ilk başarını qazana bilmişlər, və ali təhsil, alman dili bilikləri, proqramda iştiraka iddianın əsaslandırılması kimi şərtlərə cavab verirlər! İndi isə əsas diqqət namizədin şəxsiyyətinə yönəldilir. Mən əslində bu mərhələni “müsahibə”dən çox bir “söhbət” adlandırardım. 30 dəqiqə davam edən bu söhbət birtərəfli sorğu-sualdan ibarət olmur. Çalışırıq bu söhbət mümkün qədər maraqlı, sərbəst diskussiya olsun ki, bunun da gedişatında tərəflər bir-birini daha yaxından tanımağa imkan tapsın.

IPS seçimlərini aparan heyətin üzvləri – Bundestaqdan bir deputat, Bundestaq administrasiyasından bir nümayəndə və bir universitet professoru – hər il dəyişdiyindən müsahibə-söhbətlər də hər dəfə çox fərqli keçir. Bu mərhələnin məğzini təşkil edən sual isə dəyişməz olaraq qalır: Namizəd IPS-ə uyğundurmu, hər şeydən öncə: O, Bundestaq deputatının bürosunda təcrübəyə istetadlıdırmı və IPS namizədə onun hazırkı vəziyyətində dəyər və töhvə verə biləcəkmi?

5. Söhbət mərhələsinə necə hazırlaşmaq lazımdır? Namizədlər ən əsas nəyə diqqət etməlidirlər?

Florian Pötter və Nurana Əliyeva, İdarə Heyətinin üzvü
Florian Pötter və Nurana Əliyeva, İdarə Heyətinin üzvü

Prinsipcə hazırlıq uzunmüddətli bir prosesdir. Axı bu mərhələdən üç həftə əvvəl “Mən bu andan etibarən siyasi proseslərlə maraqlanacam” deyə qərar vermək olmaz. Bu istiqamətdə inkişaf etmək üçün illərlə maraqlanmaq, ilkin əsaslara sahiblənmək gərəkdir. Bununla yanaşı mən şifahi söhbətdən öncəki həftələrdə davamlı olaraq – həm alman, həm də azərbaycan! – mətbuatını izləməyi – qəzet və ya internet vasitəsilə – məsləhət görürəm. Təbii ki, Almaniya Federativ Respublikasının parlamentar sistemi ilə bağlı suallar da verilə bilər. Amma, IPS seçimlərini aparan heyət üzvlərinin bu səfəri adətən Azərbaycana onların elə ilk səfəri olur və onlar söhbət zamanı həm də bu ölkə, onun cəmiyyəti, mədəniyyəti və siyasi sitemi haqqında eşitmək istəyirlər. Və onlar məmnuniyyətlə namizədin şəxsi fikrini, həm də tənqidi fikrini də eşitmək istəyirlər – Biz öz aramızda oluruq və söhbət qapalı şəraitdə keçirilir!

6. Təcrübənizə əsaslanıb iddiaçılar arasında şifahi mərhələdə ortaya çıxan çətinliklərlə bağlı nə deyə bilərsiniz?

Bəzi hallarda yalnız bu mərhələdə aydın olur ki, namizəd təəssüf ki, deputat bürosunda uğurlu fəaliyyət üçün kifayət edəcək alman dili biliklərinə sahib deyil. Müəyyən hallarda biz namizədə növbəti ildə bir daha müraciət etməyi məsləhət bilirik.

Bəzən namizədin yanlış təsəvvürlərlə bu seçimlərə qatıldığının da şahidi oluruq: IPS alman dili kursu deyil! Bunun üçün, məsələn, DAAD-nin (Alman-Azərbaycan Mübadilə Xidməti) alman dili kurslarında iştirak üçün verdiyi təqaüdlər var. Sözsüz ki, IPS proqramında iştirakla alman dili bilikləri yaxşılaşır, məzunlar alman dilində proqramdan əvvəlkindən daha da yaxşı danışırlar. Lakin, proqram müddətində əsas diqqət mərkəzində Bundestaq deputatına siyasi fəaliyyətində gündəlik yardım funksiyası durur. Bunun üçün bizə fəal, siyasi düşüncəli gənclər gərəkdir. Bunlar gələcək həkimlər, bioloqlar və ya mühəndislər də ola bilərlər. Belə ki, sosial iştirak və siyasi proseslərlə maraqlanmaq heç də müəyyən xüsusi ixtisas sahələrinə bağlı deyil.

Və: Namizəd proqramda iştirak istəyini səmimi əsaslandırmalıdır. Təcrübə göstərir ki, şifahi mərhələdə çox tez aydın olur ki, namizəd öz vətənində siyasi inkişafda iştirak etmək niyyətindədir yoxsa o, bu məqamı öz yazılı əsaslandırmasında sadəcə taktiki gediş hesab edərək qeyd edib.

7. Bizim Birliklə əməkdaşlığı necə təsəvvür edirsiniz?

Öncə qeyd etmək istərdim ki, “IPS Azərbaycan” Birliyinin təsis olunması məni çox sevindirir və Birliyə öz işlərində uğurlar arzu edirəm! Səfirlik olaraq biz, hər şeydən əvvəl proqramın məzunlar şəbəkəsini yaratmaqla təşkilati işimizdə bizə dəstək göstərmək iradənizə görə sizə minnətdarıq. Müntəzəm olaraq biz IPS məzunlarının görüşlərini təşkil edəcəyik və bu mənada da sizin üzv tərkibini əsas götürəcəyik. Bununla yanaşı, IPS-i Azərbaycanda daha çox tanıtmaq üçün sizin tərəfinizdən yeni ideyalara və dəstəyə ümid bəsləyirik. Biz mümkün qədər çox universitetlərə və geniş auditoriyaya müraciət etməliyik. Bu mənada sizin Birliyin ötən il göstərdiyi dəstəyi xüsusi vurğulamaq istərdim.

Oxşar məqalələr