İPS 2008
„Ölkəmizin bu dəyərli proqramda ilk dəfə məhz bizimlə təmsil olunduğunu vurğulamaq bizə qürur verir.“

Almaniya parlamentarizminin simasında Avropa demokratiyasının gündəlik həyatına olan böyük marağımızla 2008-ci ilin mart ayında Berlinə gəlib, iki həftəlik giriş tədbirlərindən sonra Alman Bundestaqında hər birimiz müxtəlif deputat bürolarında İPS təcrübəsi keçməyə başladıq. Cəmi iki qız və üç oğlan idik ki, bizi də bu proqramda iştirak etmək istəyən onlarla digər Azərbaycanlı namizədlərin sırasından seçmişdilər. Həyəcanla bizi orada nələr gözləyir deyə fikirləşirdik: biz bu proqramdan nə əldə edəcəyik, ona nə kimi töhvələr verəcəyik və ən nəhayət öz sələflərimizlə hansı təcrübələri bölüşə biləcəyik.
Proqramda Azərbaycanın ilk dəfə təmsil olunması ilə bizim üzərimizə əlavə vəzifə düşdüyünü çox tez anladıq. Proqram rəhbərliyinin salamlama çıxışlarının hamısında proqrama yeni ölkələrin qoşulması və Azərbaycanın da onların sırasında olması faktının məmnuniyyətlə vurğulanması istər-istəməz bizi diqqət mərkəzinə çəkirdi. Artıq bizdə elə hissiyat formalaşmışdı ki, bizdən ölkəmizin ona göstərilən etimada layiq olduğunu sübut etməyimizi gözləyirlər.Bunun üçün proqrama olan marağımızı, bilik əldə etməyə olan həvəsimizi, ünsiyyət və beynəlmiləl bacarıqlarımızı, təşəbbüs və icimai fəallığımızı səfərbər etməli idik.
Bunun üçün əlimizdən gələni etdik. Birinci işimiz fəaliyyət göstəridiyimiz bürolardə gündəlik iş həyatına alışmaq idi ki, bunu da qısa müddətdə bacardıq. Təbii ki bizə təcrübə müddətində rəhbərlik edən səmimi deputatlar və büro rəhbərlərinin köməyi ilə. Bizə fövqəladə maraqlı gələn o idi ki, təcrübə keçərkən eyni vaxtda həm görəcəyimiz işi öyrənmək, həm də işi görmək lazım idi. Beləliklə, biz işi müşahidə ilə deyil, onu dərhal praktik həyata keçirərək öyrənirdik. Və işləyərkən həqiqətən çox şey öyrənmiş olduq. Bürodakı iş yoldaşlarımızla qısa zaman kəsiyində səmimi münasibətlər qurduq. Bizim nümunəmizdə onlar əmin oldular ki, Azərbaycan cəmiyyəti pluralizm və demokratik dəyərlərin kök atması yollarına maraq göstərir. Biz onları ölkəmiz haqqında da məlumatlandırdıq. Şərq xalqımızın Avropa ilə döyünən ürəyinin səsini də alman həmkarlarımıza çatdırdıq.
Beş aylıq rəhbərlərimizlə çoxlu sayda tədbirlərə baş vurduq, birlikdə bir neçə səfərdə olduq, onların seçiciləri ilə görüşlərdə iştirak etdik. Bürolarda kargüzarlıq işlərindəki fəaliyyətimiz də öz yerində. Bəzilərimiz hətta vaxt taparaq bizim proqramla eyni vaxta təsadüf edən NATO Parlament Assambleyasının Berlində Bundestaqda olan plenar iclasının hazırlığı və həyata keçirilməsi üçün də könüllü olaraq iştirak etdik.

Təbii ki ölkəmizi Avropa ailəsinin „kiçik inteqrasiya prosesi“ndə təmsil etməyi də unutmurduq. Məsələn, biz Berlindəki Azərbaycan Səfirliyinin alicənab yardımı ilə İPS təcrübəçilərinin „Ölkələr axşamı“ adlanan tədbirinin keçirilməsində yüksək səviyyədə iştirak etdik. Amma mədəniyyət bizi Səfirliyimizlə əlaqəyə gətirən tək sahə deyildi. Biz Qafqazdan olan digər İPS təqaüdçüləri, onlara rəhbərlik edən deputatlar və Cənubi Qafqaz ölkələrinin Səfirliklərinin nümayəndələrinin iştirakı ilə iki dəfə görüşdə olduq, əməkdaşlıq imkanları, bizlim Bundestaqdan və Bundestaqın isə bizdən gözlədikləri haqqında fikir mübadiləsi apardıq.
Biz İPS yolunu 110 nəfərdən artıq digər Mərkəzi və Şərqi Avropa ölkələri, ABŞ və Fransadan olan gənc həmkarlarımızla birgə getdik. Xeyli dost əldə etdik, çoxlu təcrübə mübadiləsi etdik. Əcnəbi həmkarlarımızla təcrübə proqramından sonra da daimi əlaqələr saxlamağa söz verdik.
Ölkəmizin bu dəyərli proqramda ilk dəfə məhz bizimlə təmsil olunduğunu vurğulamaq bizə qürur verir. Proqram çərçivəsində bizim bütün ümidlərimiz yerinə yetdi. İndi ağlımızda yeni baxışlar və ideyalar dolaşır, özümüz də daha geniş beynəlmiləl təcrübənin sahibiyik. Hazırda bizimlə eyni demokratiya dəyərlərini bölüşən daha çox dostumuz var. Almanca da əvvəlkindən daha yaxşı danışırıq. Biz Azərbaycan cəmiyyətinin Avropa demokratiyasını Alman Bundestaqı vasitəsilə daha yaxından kəşf etmək istəyinin canlı sübutlarıyıq.