Əsas məzmun

İPS 2009

„Öyrənə bildiyin qədər öyrən.“
Nuranə Əliyeva Bundestaqın üzvü xanim Dr. Barbara Hendriks-lə Bundestaqda kafelərdən birində
Nuranə Əliyeva Bundestaqın üzvü xanim Dr. Barbara Hendriks-lə Bundestaqda kafelərdən birində

2008-ci ildən başlayaraq Azərbaycan “İPS-ölkələri” sırasına daxildir. 2009-cu il siyasətlə maraqlanan və ictimai fəal olan gənc azərbaycanlıların Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak üçün sənəd verə bildiyi ikinci il idi. Beləcə 2009-cu il İPS-də 5 azərbaycanlı iştirak etdi.

5 ay davam edən İPS proqramı Alman Bundestaqında (parlament) deputatın ofisində təcrübədən, siyasi fondların təşkil etdiyi maraqlı və rəngarəng seminarlardan, 3 Berlin universitetindən birində mühazirə və/və ya seminarlarda iştirakdan və müxtəlif tədbirlərdən ibarət idi.

Deputatın yanında təcrübə zamanı tapşırıqlar mətbuat üçün məqalələrin hazırlanmasından, müxtəlif cavab məktublarının ilkin tərtibindən, araşdırmalardan, ofis işləri, ümumi katib işləri, inzibati işlərdən ibarət idi.

Müxtəlif vaxtlarda keçirilən tədbirlərdə biz proqramla tanışlıq xarakterli məlumat, „Alman Bundestaqında işləmək” mövzusunda, Bundestaqın inzibati aparatının strukturu, qanunvericilik proseduru, „kitabxana və sənədləşdirmə” alt şöbəsinin xidmətləri, deputatın ofisində iş tərzi, komitələrin təşkili və fəaliyyət tərzi, „Almaniyada təhsil və təkmilləşmə, tədqiqat imkanları” və hətta Alman Bundestaqında istifadə olunan verilənlərin işlənməsinə dair ətraflı gərəkli məlumatlar aldıq.

Bir çox şəhərdə təşkil olunan seminarlar zamanı sosial bazar iqtisadiyyatının əsasları, azadlıq, liberalizm, liberal siyasət, seçkiqabağı kampaniya, sosial demokratik siyasət, Almaniyada dinlər və cəmiyyət, aparıcı partiyaların tarixi, strukturu və proqramı haqqındakı mühazirə və dikussiyalar çox maraqlı və öyrədici idi. Seminarlar çərçivəsində təşkil olunan qrup şəklində çalışmalar, səyahətlər, gəzintilər, ekskursiyalar da çox əyləncəli keçir, proqrama rəngarənglik verirdi.

2009-cu il Azərbaycandan olan İPS təqaüdcüləri
2009-cu il Azərbaycandan olan İPS təqaüdcüləri

Bizim üçün çox şey yeni idi. Belə hallarda çox görmək, çox təcrübə toplamaq və öz ölkəni mümkün qədər layiqli təmsil etmək istəyirsən. Biz də bu 5 ay, 2009-cu ildə 5 İPS ayı ərzində mümkün olduğu qədər çox öyrənməyə, gərəkli təcrübə toplamağa çalışdıq. Təkcə özümüz, öz gələcəyimiz, təkmilləşməyimiz, karyeramız üçün görüb-götürmək deyil, həm də Alman Bundestaqından, qanunvericilik sahəsində alman təcrübəsindən, alman hökumət sistemindən gərəkli olanı “özümüzlə gətirmək“, gənc demokratiyamızda tətbiq etmək kimi mühüm bir məqsədi heç bir zaman unutmadıq.

Fəal olmalı olduğumuzu da unutmadıq. İştirak etdiyimiz görüşlər, danışıqlar İPS proqramı ərzində bizə, bizim təkmilləşməyimizə müsbət təsir etməklə yanaşı, biz də bu müddət ərzində fəal, gərəkli olmağa çalışdıq. Azərbaycan-Alman Dostluq qrupundan ibarət nümayəndə heyəti, Alman-Cənubi Qafqaz parlamentar qrupunun üzvləri ilə olan görüşlərdə bir çox aktual məsələlər müzakirə edildi. 25 mart 2009-cu ildə biz, Azərbaycandan olan təqaüdçülər, Alman Bundestaqının vitse-prezidenti deputat xanım Dr. Suzanna Kastnerin (Sosial Demokrat partiyası) dəvətilə çox mühüm bir görüşdə iştirak etdik. Bu, Azərbaycan Respublikası Parlamentinin Azərbaycan-Alman dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin Alman Bundestaqının deputatları ilə təşkil olunmuş çox dəyərli bir görüşü idi.

6 may 2009-cu ildə Azərbaycan, Ermənistan və Gürcüstandan olan təqaüdçüləri Alman Bundestaqının Alman-Cənubi Qafqaz parlamentar qrupunun üzv deputatları ilə görüşdə iştirak etdilər. Hər ölkədən bir nümayəndənin “Respublikada daxili siyasi vəziyyət. Avropa qonşuluq siyasətinin tətbiqi.” mövzusunda məlumat xarakterli qısa referatından sonra biz İPS proqramı və aktual siyasi mövzularla bağlı parlamentar qrupun üzvləri ilə maraqlı fikir mübadiləsi apardıq. Görüş hər iki tərəf üçün maraqlı keçdiyindən iyunun 17-də mövcud vəziyyət və aktual problemlərlə bağlı müzakirələri davam etdirdik.

Müxtəlif ölkələrdən olan praktikantlarla ünsiyyət qurmaq, təcrübə və təəssüratlarını bölüşmək çox maraqlı idi. Bunula biz həm də fərqli mədəniyyətlərlə tanış olduq, dostluq münasibətləri qurduq və dəyərli təcrübə topladıq.

Oxşar məqalələr