Xəbərlər

IPS proqramının 25-ci ildönümündə Azərbaycandan olan məzun Nuranə Əliyevanın məruzəsi, 30.06-02.07.2011

IPS Məzunlar Şəbəkəsinin Fəaliyyəti

2011-cu ilin IPS kollokviumunun iştirakçıları

Hörmətli Xanımlar və Cənablar,
Sevimli Məzunlar,

Bu ilki IPS kollokviumda proqramın məzunlar şəbəkəsinin fəaliyyəti haqqında məruzə etmək mənim üçün böyük fəxr və sevincdir. Səmimi qəlbdən şəxsən xanım Ştamerə, Alman Bundestaqının WI 4 referatına, və bütünülükdə Məruzəçilər Qrupuna minnətdarlığımı bildirirəm.

Bu məruzəni mənim edəcəyimə qərar veriləndən bu günədək keçmiş bu bir neçə həftə ərzində mən, bu dəqiqələrdə kifayət qədər ətraflı və mümkün qədər bütün məzun birlikləri haqqında məlumat verə bilmək üçün əlimdən gələni etmişəm. Bunun üçün mən Alman parlamenti Bundestaqın və onun Beynəlxalq Parlament Təqaüdü Proqramının iştirakçı ölkələrində mövcud məzun birliklərinin rəsmi internet səhifələrindən istifadə etmiş, əlavə və ən yeni məlumatları əldə etmək məqsədilə həm keçən ilki kollokviumun iştirakçılarına, həm də bu ilki yubiley məzun görüşünün iştirakçılarına yazılı şəkildə müraciət edərək fəaliyyətləri haqqında mənə məlumat göndərmələrini rica etmişəm. Təəssüf ki, bu müraciətimə yalnız dörd cavab almışam. Bu yerdə mən IPS Alman Bundestaqında Təcrübə Keçmiş Azərbaycanlı Məzunlar Birliyinin sədri Həbib Məmmədliyə, IPS Serbiya Məzunlar Birliyinə, IPS Belarus Məzunlar Birliyinə, IPS Qazaxıstan Məzunlar Birliyinə və IPS Latviya Məzunlar Birliyinə təşəkkürümü bildirirəm..
Çox istərdim ki, bir-biriylə münasibət saxlayan məzun birliklərinin sayı sadəcə 3-4 ölkə ilə məhdudlaşmasın. Məzun Birliklərinin yalnız Bundestaqla, WI 4 referatla deyil, həm də bir-biriylə əlaqə saxlamaları, əməkdaşlıq etmələri çox önəmli məsələdir. Və təbii ki, bunun da davamlılığı Budnestaqın ildə bir dəfə məzunlarla keçirilən bir-neçə günlük tədbirlərilə məhdudlaşmamalıdır.
www.bundestag.de səhifəsində 12 məzun birliyinin internet səhifəsinin ünvanını əldə etmək mümkündür. Bunlar proqramın aşağıdakı ölkələrdə mövcud məzun birlikləridir: Ermənistan, Azərbaycan, Estoniya, Fransa, Gürcüstan, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Çexiya və Macarıstan. Ermənistan və Fransada mövcud məzun birliklərinin internet səhifələri işləmir. Bu günkü tədbirin Fransadan olan məzun iştirakçılarından əldə etdiyim məlumata görə, IPS Fransa Məzunlar Birliyi hazırkı dönəmdə başqa bir internet provayderinin xidmətindən istifadəyə keçməkdə olduğundan, Birliyin internet səhifəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yuxarıda qeyd etdiyim internet səhifələrinin əksəriyyəti uzun zamandır yenilənmir. Başqa bir çatışmazlıq isə, bəzi internet səhifələrinin tamamən və ya qismən müvafiq Birliyin mövcud olduğu ölkənin dilində olması, almanca versiyasının olmamasıdır. Məsələn, Gürcüstanda mövcud Məzunlar Birliyinin internet səhifəsinin almanca versiyası qismən yoxdur. “IPS haqqında“ bölümündə yalnız gürcü dilində məlumat əldə etmək mümkündür. „Fəaliyyətimiz” bölümündə isə ümumiyyətlə heç bir məlumat mövcud deyil. Eyni qüsuru Rusiyada mövcud Birliyin səhifəsi haqqında da qeyd etmək olar. Belə ki, bu səhifədə məlumatların bir qismi yalnız ruscadır və səhifə uzun zamandır ki, yenilənmir.
Rumıniyada və Macarıstanda mövcud IPS məzun birliklərinin internet səifələrinin isə almanca versiyası ümumiyyətlə yoxdur.
Yaxşı tərtibatları ilə seçilən internet səhifələri Çexiyada mövcud Məzunlar Birliyinə və IPS Azərbaycan Məzunlar Birliyinə məxsusdur ki, məhz bu səhifələr həm də vaxtaşırı məlumatlarla yenilənir.

Adından da məlum olduğu kimi, IPS Məzun Birliyi mövcud olduğu ölkədə Alman Parlamentinin Beynəlxalq Təqaüd Proqramının keçmiş iştirakçılarını birləşdirir. Qarşıya qoyulan əsas məqsəd və vəzifələr ali təhsil almış, fəal, siyasətlə maraqlanan gəncləri proqram haqqında məlumatlandırmaq, yeni seçilmiş gələcək iştirakçıları dəstəkləmək və hələ proqramın başlamasından öncə həmin iştirakçıları buna hazırlamaq, internet səhifəsi, görüşlər, təqdimatlar, plakatlar, broşürlərdən istifadə etməklə mövcud ölkələrdə IPS proqramını daha çox tanıtmaqdan ibarətdir.
Bildiyimiz kimi, IPS Məzun Birlikləri Beynəlxalq Parlament Təqaüdü proqramının keçmiş iştirakçılarının birlikləridir. Ən önəmli məqsəd əlaqəni saxlamaqdır. Proqram bitdikdən sonra da həm müvafiq ölkədə, həm də Bundstaqla, proqramın digər iştirakçı ölkələrindəki məzunlarla münasibətlər saxlanmalıdır.

 

IPS Çexiya Məzunlar Birliyi

Yuxarıda qeyd etdiyim kimi, yaxşı tərtibatı ilə seçilən internet səhifəsi Birliyin sədri Sarka Strahalova tərəfindən yenilənir. Bu səhifə 2011-ci ilin yanvarından mövcuddur. Səhifənin fəaliyyətdə olduğu 5 ay ərzində ona 34 ölkədən 540 dəfə baxılıb. Belə gənc bir səhifə üçün bu böyük uğurdur.
Çexiya Respublikası, daha doğrusu, keçmiş Çexoslovakiyanın IPS proqramının iştirakçı dövlərləri sırasına qatıldığı 1991-ci ildən bu günədək proqramın bu ölkədən təxminən 70 təqaüdçüsü olub. Məzunlar Çexiyada müxtəlif sahələrdə fəaliyyət göstərirlər: Diplomatiya, beynəlxalq təşkilatlar, Avropa qurumları, akademik sahə, jurnalistika və s. Məsələn, proqramın Çexiyadan olan keçmiş məzunlarından Hana Scharffova çex televiziyasında redaktor və Almaniyada xarici müxbir kimi, Michal Sedlacek isə Çexiya Respublikasının Los Ancelesdəki baş konsulu kimi fəaliyyət göstərmişlər.
IPS Çexiya Məzun Birliyinin çex parlamenti ilə birbaşa əlaqələri var. 2010-cu ilin noyabr ayında parlamentin nümayəndələr palatasının sədri Çexiyada IPS proqramı üzrə himayədarlığı öz üzərinə götürmüşdür. 27 yanvar 2011-ci il tarixində o, 2010 və 2011-ci illərin təqaüdçülərini qəbul etmişdir. Bu görüşdə Çexiya Respublikasında qanunvericilik prosesi haqqında məruzə edilmiş, Çexiya Teleradiosunun görüşdə iştirak edən jurnalistlərinin sualları cavablandırılmışdır.
IPS Çexiya Məzun Birliyi proqramla əlaqədar qısa məlumatların öz əksini tapdığı broşür ərsəyə gətirmişdir. Bundan əlavə, proqramın başlamasından öncə Birlik yeni seçilmiş iştirakçılarla görüşlər keçirir. Məlumat xarakterli belə görüşlərdə yeni seçilmiş iştirakçılar öz suallarına cavab tapa bilirlər.

 

IPS Sloveniya Məzun Birliyi

Sloveniyanın 2002-ci ildən başlayaraq IPS iştirakçı dövlət olmasına baxmayaraq, Sloveniyada Məzun Birliyi bir təşkilat olaraq mövcud deyil. Keçmiş təqüdçülər ildə bir və ya iki dəfə qeyri-rəsmi görüş keçirirlər. Bundan əlavə, onlar, proqramda iştirak üçün yeni seçilən təqaüdçülərlə də bir araya gəlirlər. Məzunlar, IPS-in digər iştirakçı dövlətlərində də rast gəlindiyi kimi, proqram iştirakçılarının seçildiyi söhbətlərdə də (seçimlərin şifahi mərhələsi) iştirak edirlər.
Sloveniya məzunlar şəbəkəsinin qarşıdakı planlarında öz internet səhifələrini yaratmaq da var.

 

IPS Qazaxıstan Məzunlar Şəbəkəsi

Qazaxıstan 2003-cü ildən etibarən Beynəlxalq Parlament Təqaüdü Proqramında iştirak edir. O, proqramın Mərkəzi Asiyadan olan yeganə iştirakçı dövlətidir. Qazaxıstanlı məzunların sayı təqribən 30-dur. Qazaxıstandan olan bir çox keçmiş IPS-çi hazırda Almaniyada ali təhsil alır. Hazırda Qazaxıstanda olan məzunlar isə nazirliklər, iqtisadiyyat sahəsi, beynəlxalq və alman şirkətlərində çalışırlar. Qazaxıstanda qeydiyyatdan keçmiş IPS Məzun Birliyi yoxdur. Amma, proqramın 2009 və 2010-cu ildən olan məzunları bir araya gələrək Veronika Gauser-i öz Birliklərinin sədri seçmişlər. IPS Qazaxıstan Məzun Birliyi ali məktəb məzunları üçün məlumat və məsləhət mərkəzi rolunu oynamağı qarşısına məqsəd qoyub. Birlik öz internet səhifəsini yaratmaq istəyir ki, burada da proqramın təqaüdçüləri haqqında məlumat bazası, Birliyin fəaliyyəti haqqında məlumatlar, aktual mövzularda yazılara yer veriləcək.

 

IPS Latviya Məzun Birliyi

Latviyalı məzunlar həm öz ölkələrində, həm də aid olduqları regionda fəaldırlar. Baltikyanı ölkələrdəki məzunların bir-biriylə vaxtaşırı əlaqədə olmaları və birlikdə konfranslar təşkil etmələri sevindirici haldır. Son illər ərzində hər il bir ölkədə məzunların görüşü keçirilmişdir. Bu ənənənin başlanğıcı 2006-cı ildə Latviyanın Riqa şəhərində qoyulmuşdur. 21-23 sentyabr 2006-cı il tarixində belə illik konfranslardan ilki baş tutmuşdur. Konfransda 45 məzun iştirak etmişdir. Layihəyə maddi və ideya dəstəyini Alman Bundestaqı və Almaniyanın səfirliyi vermişdir. Konfransda Almaniya səfirliyinin 2-ci katibi, mədəniyyət və mətbuat işləri üzrə məsul şəxs Dr. Volker Erhard, Latviya Təhsil və Elm Nazirliyinin IPS proqramı üzrə məsul əməkdaşı xanım Aija Jakovica, IPS məzunu və konfransın keçirildiyi dönəmdə Estoniya parlamentinin deputatı cənab Indrek Raudne „IPS-in Baltikyanı regionda rolu” haqqında öz fikirlərini bölüşmüşlər.
Yuxarıda adı çəkilən konfransda Məzun Şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi, mədəniyyətlərarası və akademik səviyyədə əməkdaşlıqda IPS-in rolu haqqında müzakirələr aparılmışdır. Konfrans iştirakçıları Latviya Seyminə baş çəkmiş və Almaniya-Latviya parlamentlərarası qrupun üzvləri ilə görüşmüşlər.
Bundan əlavə, tədbir iştirakçıları Baltikyanı dövlətlərdə gənc demokratiyaların uğurları, demokratik dəyərlərin yayılmasında Baltikyanı dövlətlərin rolu haqqında da öz düşüncələrini bölüşmüşlər.
Latviya parlamenti Seymdə 2010-cu ildən etibarən oxşar bir parlament proqramı mövcuddur. Hər il Almaniyadan olan iki gənc Latviya parlamentində təcrübə keçmək imkanı əldə edir. Bu proqramın hazırlanma prosesində IPS Latviya Məzun Birliyi fəal iştirak etmişdir.
2010-cu il ərzində IPS Latviya Məzun Birliyinin İdarə heyəti ayda bir dəfə toplanmışdır. Almaniyanın Lativyadakı səfirliyi, alman təşkilatları ilə Birliyin müsbət əlaqələri var. Birlik hər il IPS proqramının yeni iştirakçılarının seçimlərində iştirak edir.

 

IPS Litva Məzun Birliyi

2009-cu il IPS məzunu Nuranə Əliyeva (sağda) və 2004-cü il Litvadan IPS məzunu Jolanta Jezauskaite
2009-cu il IPS məzunu Nuranə Əliyeva (sağda) və 2004-cü il Litvadan IPS məzunu Jolanta Jezauskaite

IPS Litva Məzun Birliyinin əsası 23 aprel 2003-cü ildə qoyulmuşdur. 1993-cü ildən Litva IPS-in iştirakçı dövlətlərindən biridir. Hazırda proqramın Litvadan 50-dən çox məzunu var. Birliyin üzvləri ayda bir dəfə görüşür, aktual siyasi və ictimai proseslər ətrafında fikir mübadiləsi aparırlar.
IPS Litva Məzun Birliyinin məqsədlərinə proqramın Litvadan və digər iştirakçı dövlətlərdən olan məzunları, onların təşkilatları arasında əlaqələri qoruyub saxlamaq, Beynəlxalq Parlament Təcrübə Proqramı haqqında məlumatları yaymaqla yanaşı, Almaniya və Litva arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına töhvə vermək də daxildir.
Litva parlamenti də həm proqrama ümumilikdə, həm də onun Litavadan olan iştirakçılarına diqqət ayırır. 2008-ci ilin sentyabrında Litva parlamenti Seymin sədri keçmiş təqaüdçülər Kristina Peselyte və Ruta Jazukeviciute ilə şəxsən görüşmüşdür.
17-20 sentyabr 2009-cu il tarixdə Vilnüsdə Estoniya, Latviya, Litva və Belarusdan olan məzunların regional toplantısı keçirilmişdir. Litva paytaxtında ümumilikdə 39 IPS məzunu toplanmışdır. Bu dəfə toplantıya Baltikyanı dövlətlərə daha bir qonşu dövlət – Belarus da qatılmışdı. Bununla da Baltikyanı iştirakçı dövlətlərin sayı artmış oldu. Toplantılarda demokratikləşmə prosesləri, Baltikyanı dövlətlər, Litvada gerçəkləşmiş və gerçəkləşməmiş ümidlər, Belarusun müstəqil dövlət olaraq keçdiyi yol haqqında fikir mübadiləsi aparılmışdır. Bu tədbirlərdə Litva, Almaniya və Belarusdan olan siyasətçilər, tarixçilər və elm adamları da fəal iştirak etmişlər.

IPS Estoniya Məzun Birliyi

Estoniya 1992-ci ildən IPS iştirakçı dövlətləri sırasındadır. IPS Estoniya Məzun Birliyi 2006-cı ildə yaradılmışdır.
Birliyin məqsədləri keçmiş təqaüdçülər arasında əlaqələrin saxlanması, Almaniya və Estoniya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin davamlı inkişafı, digər iştirakçı ölkələrdə mövcud Məzun Birlikləri ilə əməkdaşlığı gücləndirmək, Estoniyadan yeni seçilmiş təqaüdçülərə proqram haqqında öncədən kifayət qədər məlumatın verilməsi kimi əhatəli məsələləri özündə birləşdirir.
2-5 avqust 2007-ci il tarixində Estoniyada Baltikyanı dövlətlərdəki IPS Məzun Birliklərinin „Baltikyanı regionda enerji təminatının gələcəyi – atom enerjisinin perspektivləri“ mövzsunda seminar keçirilmişdir. Estoniya, Latviya və Litvadan olan məzunlar ekspertlərin köməyi ilə enerji iqtisadiyyatının müxtəlif aspektləri ilə tanış olmuş, atom enerjisinə mümkün keçidlə bağlı açıq müzakirələrdə vətəndaş mövqeyi bildirmişlər. Seminarda əsasən üç Baltikyanı dövlətin enerji siyasəti haqqında danışılmışdır. Ekspertlər elektrik stansiyalarının mənfi və müsbət cəhətləri haqqında məruzə etmişlər. Yeni enerji növləri ilə bağlı həm hər bir Baltikyanı dövlətdə, həm də Aİ səviyyəsində bir sıra qanun və qaydalar mövcuddur ki, bu da məsələnin nə qədər aktual və mühüm olmasının göstəricisidir.
Sözü gedən seminarda Baltikyanı dövlətlərin enerji təminatında yeni enerji növlərinin payının Avropanın digər dövlətləri ilə müqayisədə yüksək olmaması xüsusilə vurğulandı. Seminar iştirakçıları müzakirələrə qatılmaqla yanaşı Narvada yerləşən elektrik stansiyasına baş çəkmişər.

 

IPS Polşa Məzun Birliyi

IPS Polşa Məzun Birliyi 20 fevral 2010-cu ildə yaranmışdır. Bundan sonra Varşavada Birliyin hüquqi qeydiyyatdan keçirilmə prosesi başlamışdır. Kollokviumun Polşadan olan bu ilki iştirakçılarından əldə etdiyim məlumata görə qeydiyyat prosesi artıq başa çatmışdır. Birlik yenicə rəsmi hüquqi qüvvə əldə etmişdir.
Birliyin vəzifələrinə məzunlar arasında əlaqənin yaradılması və genişləndirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsi və proqramın digər iştirakçı dövlətlərində mövcud Məzun Birlikləri ilə əməkdaşlıq daxildir.
2010-cu ilin fevral ayında IPS Çexiya Məzun Birliyinin dəstəyi ilə proqramda iştirak üçün seçilən yeni təqaüdçüləri məlumatlandırmaq məqsədilə Parlament Təqaüdü proqramı haqqında məlumat broşürü hazırlanmışdır.
23 aprel 2010-cu il tarixdə IPS Polşa Məzun Birliyi Varşava universitetinin Hüquq Fakültəsində Beynəlxalq Parlament Təqaüdü proqramının təqdimatını keçirmişdir. Tələbələrə IPS haqqında təqdimat xarakterli qısa film nümayiş etdirilmiş, məzunlar və proqramla maraqlanan tələbələr arasında proqramla bağlı müzakirələr aparılmışdır. Eyni məzmunda bir təqdimat da 28 may 2010-cu ildə Breslau Universitetinin Alman Hüququ Fakültəsində keçirilmişdir.

Slovakiyada IPS Məzun Birliyi bir təşkilat olaraq mövcud deyil. Lakin, məlumat mübadiləsi aparmaq məqsədilə məzunlar ildə orta hesabla iki dəfə müxtəlif tədbirlərdə bir araya gəlir və bunula şəbəkə yaratmaq və onu genişləndirmək istəyirlər. Məzun Klubu 29 may 2004-cü ildə Bratislavada yaradılmış və „Alman Bundestaqının Slovakiyadakı dostları“ adlandırılmışdır.
Klubun əsas vəzifələri arasında Slovakiya və Almaniya Federativ Respublikası arasındakı dostluğun dərinləşdirilməsi və IPS iştirakçı ölkələrindəki məzunlarla müsbət əlaqələrin saxlanmasına töhvə verməyə xüsusi yer verilir.

 

IPS Serbiya Məzun Birliyi

2010-cu ilin aprel ayında yaradılmış IPS Serbiya Məzun Birliyi “Demokratik Tədris Mərkəzi – Serbiyalı Bundestaq Təqaüdçülərinin Birliyi“ adlanır. Serbiya 2004-cü ildən başlayaraq IPS iştirakçı dövlətidir. Hazırda Birliyin 35 üzvü var. Birlik müxtəlif mövzularda təqdimatlar hazırlayır və alman təşkilatları ilə yaxşı münasibətlər saxlayır. Məqsədlərdən biri də daha çox gənci Almaniyadakı təhsil imkanları barədə məlumatlandırmaqdır.
IPS Serbiya Məzun Birliyi Almaniya Federativ Respublikasının Serbiyadakı səfiri cənab Volfram Maasın Birliyin fəxri üzvü olmasına nail olmuşdur. Birlik Belqradda Almaniya səfirliyi, Konrad Adenauer, Fridrix Naumann, Haynrix Böl, Roza Lüksemburq kimi alman fondları, Qöte İnstitutu və DAAD (Alman Akademik Mübadilə Xidməti) ilə əməkdaşlıq edir. IPS Serbiya Məzun Birliyi yerli universitetlər, parlament, serb fondları ilə də müsbət əlaqələrə malikdir.
Birlik 2011-ci ilin sentyabr ayında Cənub Şərqi Avropa ölkələrindən olan Bundestaq təqaüdçülərinin qatılacağı bir regional konfrans reallaşdırmaq istəyir. “Cənub Şərqi Avropa ölkələrinin perspektivləri və onların Aİ-yə gedən yolu” başlığı altında keçiriləcək konfrans Almaniya Bundestaqının, alman və serb tərəfdaş qurumlarının dəstəyi ilə keçiriləcək. Bu konfransda IPS Serbiya Məzun Birliyi qonşu ölkələrdə ayrı-ayrılıqda müzakirə olunan mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmağı planlaşdırır. Şübhəsiz ki, konfransın IPS proqramının Serbiyada daha çox tanınmasında da böyük rolu olacaq.

 

IPS Belarus Məzun Birliyi

Belarus IPS proqramına 2008-ci ildə qatılmışdır. Elə eyni ildə də IPS Belarus Məzun Birliyi yaranmışdır. Hazırda Birliyin 16 üzvü var.
Birliyin üzvləri yeni seçilmiş təqaüdçülərə dəstək göstərir, onlarla görüşlər keçirir, fəal şəkildə IPS-i daha çox tanıtmaq işində böyük səy göstərirlər. Birlik həm Belarusda keçirilən tədbirlərdə, həm də regional səviyyədə keçirilən tədbirlərdə iştirak edir ki, buna örnək olaraq Baltikyanı IPS iştirakçı dövlətlərində keçirilən konfransları göstərmək olar.
2010-cu ilin oktyabrında Minskdə IPS Belarus Məzun Birliyinin təşkilatçılığı, Alman Bundestaqının və Konrad Adenauer Fondunun dəstəyi ilə “Aİ – xəyal, məqsəd, reallıq” mövzusunda məzunların iştirakı ilə konfrans keçirilmişdir. Konfransda 7 ölkədən (Belarus, Ukrayna, Rusiya, Latviya, Litva, Estoniya, Polşa) 40 məzun iştirak etmişdir. Politoloqların, jurnalistlərin, qeyri-hökumət təşkilatlarının, rəsmi qurumların nümayəndələrinin iştirakı ilə Aİ – Belarus münasibətləri, Belarus və qonşu dövlətlər arasındakı qarşılıqlı münasibətlər, Belarusda seçkilərdən əvvəlki vəziyyət kimi önəmli məsələlər müzakirə edilmişdir.
Yaxın gələcəkdə Birlik bir neçə məzun toplantısı keçirməyi planlaşdırır.

IPS Gürcüstan Məzun Birliyi

IPS Gürcüstan Məzun Birliyi 16 may 2008-ci ildə yaranmışdır. Əsas məqsədlər Gürcüstanda və proqramın digər iştirakçı dövlətlərində olan təqaüdçülər və məzunlar arasında əlaqənin saxlanması və gücləndirilməsi və yeni seçilmiş təqaüdçülərə dəstək göstərilməsindən ibarətdir.
Məzun Birliyinin qarşıdakı məqsədləri arasında müxtəlif ölkələrdən məzunların iştirak edəcəyi debatlar və konfranslar təşkil etmək də var.
Gürcüstanda alman dilinin və IPS proqramının daha çox tanınması istiqamətində Birlik böyük səylə mümkün olan işlər görməkdədir. Birlik Gürcüstan parlamenti, bir çox dövlət qurumları və Almaniyanın Gürcüstandakı səfirliyi ilə əməkdaşlıq edir.
IPS Gürcüstan Məzun Birliyi qarşıda „Cənubi Qafqazın Aİ-də rolu“ mövzusunda konfrans həyata keçirməyi planlaşdırır. Burada məqsəd proqramın Ermənistan, Azərbaycan və Gürcüstandan olan məzunlarını bir araya gətirmək, yuxarıda qeyd edilmiş və hazırda çox mühüm olan mövzu ətrafında müzakirələr aparmaqdır. Aİ ilə əməkdaşlıq, Cənubi Qafqaz dövlətlərinin gələcək perspektivləri və gələcək Aİ Cənubi Qafqaz siyasəti hər üç Cənubi Qafqaz ölkəsi üçün çox böyük əhəmiyyət kəsb edir. Konfrans iştirakçıları öz ölkələri ilə Aİ arasındakı münasibətləri dəyərləndirəcək, gələcək mümkün əməkdaşlıq, imkanlarla bağlı fikir mübadiləsi aparacaqlar. Konfrans əlaqələrin dərinləşməsi və müxtəlif illərdən olan məzunlar arasında əməkdaşlığın gücləndirilməsinə böyük bir töhvə ola bilər.
İnternet vasitəsilə səsli görüşmə və yazışmalarla məzunlar konfransla bağlı önəmli məsələləri müzakirə ediblər. Almaniyanın Gürcüstandakı səfirliyinin də planlaşdırılan konfrans haqqında məlumatı var. Biz Bundestaqın dəstəyinə çox ümid edir və Cənubi Qafqazdan olan məzunların ilk toplantısınının reallaşmasını səbirsizliklə gözləyirik.

 

IPS Ermənistan Məzun Birliyi

Məruzəmin əvvəlində qeyd etdiyim kimi Ermənistan Məzun Birliyinin internet səhifəsindən Birlik və onun fəaliyyəti haqqında məlumatlar əldə etmək cəhdlərim nəticəsiz qaldı. Bir neçə həftədir ki, səhifə işləmir. Birliyin 2010-cu ildəki fəaliyyəti haqqında məni məlumatla təmin etdikləri üçün bu ilki kollokviumun Ermənistandan olan iştirakçılarına təşəkkürümü bildirirəm.
2010-cu il ərzində IPS Ermənistan Məzun Birliyi Ermənistanda universitetlərdə „Siyasi sistemlər, demokratiya və seçki hüququ” mövzusunda seminarlar keçirmişdir. Birlik orta məktəblərdə də çox fəal olmuşdur. Çox önəmli bir layihəyə start verilmişdir. “Məktəbdə demokratiya dərsi” layihəsi çərçivəsində Birliyin üzvləri Ermənistan Təhsil Nazirliyi ilə razılaşmaya əsasən orta məktəblərdə görüşlər keçirir və demokratiyanın tədrisini həyata keçirirlər.
Məzun Birliyinin Ermənistan Parlamenti ilə müsbət əlaqələri var. 2011-ci ildən başlayaraq yeni seçilən proqram içtirakçıları Bundestaqda təcrübənin başlamasından öncə Ermənistan parlamentində iki həftəlik təcrübə keçirlər.

IPS Azərbaycan Məzun Birliyi

IPS proqramının Azərbaycandan olan məzunları və 2011-ci il təqaüdçüləri
IPS proqramının Azərbaycandan olan məzunları və 2011-ci il təqaüdçüləri

Biz, IPS Azərbaycan Məzun Birliyi bir il əvvəl Azərbaycandan olan Bundestaq təqaüdçülərini bir araya gətirmək, Azərbaycandan və digər ölkələrdən olan məzunlar və məzun birlikləri arasında əlaqələri saxlamaq, ali təhsilli, fəal, siyasətlə maraqlanan gəncləri Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında məlumatlandırmaq və təbii ki, yeni seçilmiş təqaüdçülərə dəstək göstərmək məqsədilə öz məzun şəbəkəmizi yaratmışıq.
Məzun Birliyimiz 12 aprel 2010-cu il tarixdə yaranmışdır.Təəssüf ki, rəsmi olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan hələ ki, keçməmişik. Amma, proses davam edir və biz ümid edirik ki, qeydiyyat prosesi çox yaxın zamanda başa çatacaq. Biz rəsmən qeydiyyatdan keçmədən də fəaliyyət göstərməkdəyik.
Azərbaycanda IPS proqramda iştiraka namizədlər və məzunlar arasında geniş tanınmışdır. Lakin, bütünlükdə Azərbaycanı götürdükdə alman dilinin yayılması və bu parlament təqaüdü proqramı haqqındakı bilgilərin yayılması baxımından vəziyyət bizim arzuladığımız kimi deyil. IPS Azərbaycan Məzun Birliyi olaraq biz bu proqrama marağın yarana biləcəyi dairələrdə proqramı daha çox tanıtmağa, proqramda iştirak üçün edilən müraciətlərin sayını ildən-ilə artırmağa çalışırıq ki, daha çox azərbaycanlı proqramda iştirak şansından bəhrələnə bilsin. 2009-cu ildə növbəti il üçün təqüdçülərin seçim prosesində seçim komissiyasının tərkibində namizədlərlə şifahi söhbətlərdə mən də şəxsən iştirak etmişəm. Seçimlərin müsahibə-söhbət mərhələsində də biz bir daha müəyyən etdik ki, Azərbaycanda alman dilinin daha geniş yayılmasına nail olmaq çox vacibdir. Alman dili bilikləri parlamentdə deputatın yanında uğurlu fəaliyyət üçün yetəri qədər olmayan namizədlər IPS proqramında iştirak üçün uyğun hesab edilib seçilə bilməz təbii ki.
IPS Azərbaycan Məzun Birliyi hazırda yeni bir layihəyə başlamaqdadır. Proqramın Azərbaycanda daha çox tanınmasına nail olmaq üçün biz mümkün qədər çox universitetlər və başqa dairələrlə işləməliyik. Yeni layihə ilə bağlı biz müəyyən universitetlərlə danışıqlar aparmışıq. Biz universitetlərdə Beynəlxalq Parlament Təqaüdü proqramına dair təqdimatlar təşkil edəcəyik ki, burada da Almaniyanın Azərbaycandakı səfirliyinin IPS üzrə məsul əməkdaşı və IPS Azərbaycan Məzun Birliyinin nümayəndələri iştirak edəcəklər. Məqsəd, proqram haqqında müzakirələr aparmaq, əldə olunmuş təcrübəni bölüşmək və yaranan sualları cavablandırmaqdan ibarətdir. Biz daha çox fəal, siyasətlə maraqlanan gəncin diqqətini cəlb etmək istəyirik. Bunların gələcək politoloqlar olması mütləq deyil. IPS iştirakçıları siyasətlə maraqlanan və ictimai fəal gələcək mühəndislər, həkimlər, bioloqlar da ola bilərlər.
Azərbaycanda IPS proqramında iştirak etmək istəyən namizədlərin sayının artmasına nail olmaq üçün IPS Azərbaycan Məzun Birliyi 2010 və 2011-ci illərdə öz təşəbbüsü ilə proqram haqqında plakat hazırlamışdır. Plakatı Almaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə hazırlamış və universitetlərə paylamaqla yaymışıq. 2010-cu ildə bununla biz proqramla maraqlanan gənclərin sayının artmasına nail ola bilmişik.
IPS Azərbaycan Məzun Birliyinin digər yeni bir layihəsi müsahibə silsiləsindən ibarətdir. Biz IPS-lə əlaqədar olan şəxslərdən, proqramla maraqlanan insanlarda yaranan sualları cavablandıra bilən şəxslərdən müsahibələr götürürük. Layihəyə cənab Florian Pötterlə başladıq. Cənab Pötter Almaniyanın Azərbaycandakı səfirliyinin həm də IPS proqramı üzrə məsul əməkdaşıdır.
Biz öz internet səhifəmizi yaratmışıq və onu vaxtaşırı yeniləyirik. Saytımız IPS Məzun Birliklərinin internet səhifələri arasında ən yaxşılardan biridir. 2010-cu ildə əldə etdiyimiz uğurlardan biri Milli Net Azərbaycan internet mükafatı oldu. www.ips-az.org Azərbaycanda ictimai-sosial saytlar arasında 2010-cu ilin üçüncü ən yaxşı saytı seçildi. Ümumilikdə, müsabiqəyə təqdim olunuş 437 saytdan 39-u mükafata layiq görüldü. Saytımız üçüncülüyü əldə etdi. Çox gənc olan və hələ formalaşma mərhələsində olan bir sayt üçün bu böyük nailiyyətdir!
Sonda mən hər birimizə məzun şəbəkəmizin işlərində bundan sonra da böyük müvəffəqiyyətlər diləyirəm. Mən hamımıza əsl güclü əməkdaşlıq arzu edirəm. Hazırda məzun birliklərinin əməkdaşlığı 2-3 birliyin birlikdə işləməsində özünü göstərir ki, buna örnək olaraq Baltikyanı regiondakı və ya Cənubi Qafqazdakı əməkdaşlığı göstərmək olar. Və sadəcə ildə bir dəfə kollokvium zamanı məzun birlikləri bir araya gəlirlər. Gəlin fəal şəkildə birgə əməkdaşlıq edək və bununla tərəfimizdən bu məsələdə də töhvəni vermiş olaq.

Oxşar məqalələr