www.ips-az.org Azərbaycan İnternet Mükafatı ilə qiymətləndirildi
2010-cu ildə Milli Net – Milli İnternet Mükafatı artıq ikinci dəfə “Azərbaycanın ən yaxşı və yaradıcı internet səhifələri hansılardır” sualına cavab axtarmışdır. Bu mühüm suala cavabın tapılmasına iki aydan çox zaman sərf olunub. Və nəhayət 4 dekabr 2010-cu il tarixdə Milli Net – Milli İnternet Mükafatının təqdimolunma mərasimində ilin ən yaxşı internet saytlarının adları açıqlanmışdır.

Müsabiqə 1 oktyabr 2010-cu ildə başlamışdır. Ümumilikdə müsabiqəyə 437 internet səhifə təqdim olunmuşdur ki, bunun 309-u müvafiq şərtlərə uyğun olduğundan müsabiqədə iştiraka qəbul edilmişdir. 13 mütəxəssisdən ibarət münsiflər heyəti müsabiqənin tələblərini əsas götürməklə ilk mərhələdə 75 internet sayt seçmiş, ikinci mərhələ nəticəsində isə bunlardan 39-u qalib seçilmişdir.

Yuxarıda qeyd olunan məlumatları Təşkilat Komitəsinin sədri Osman Gündüz mükafatların təqdim olunması tədbirində iştirakçılara çatdırmışdır. Bütün müsabiqə Azərbaycan İnternet Forumu tərəfində təşkil olunmuşdur. Müsabiqənin əsas məqsədləri Azərbaycanda internet dünyasının, internet səhifələrinin yaradıcılığının inkişafına dəstək olmaq və yaxşı internet saytlarını tanıtmaqdır. Azərbaycan dilli versiyası olan internet saytlarına müsabiqədə xüsusi yer verilir və bu saytlar mükafatlandırılır.
Mən İPS – Azərbaycan Alumni Birliyini və www.ips-az.org internet səhifəmizi tədbirdə təmsil etdim. İnternet səhifəmiz müsabiqədə 3-cü yeri əldə etdi. Hələ çox yeni olan və təkmilləşmə mərhələsində olan bir internet səhifəsi üçün bu böyük bir uğurdur!

www.ips-az.org “ictimai-sosial saytlar” nominasiyasında ilin üçüncü ən yaxşı saytı seçildi.
„Milli Net Milli İnternet Mükafatı 2010” müsabiqəsində əldə etdiyimiz uğura mənim qədər həmkarlarım Məmmədli Həbib, Qafarov Vüqar və Mikayılov Şamo da sevinir.Bu uğurun arxasında böyük əmək və sevgi durur. Göstərdiyi dəstək üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinə öz dərin minnətdarlığımızı bildiririk. Mən bundan sonra da işimizdə və „İPS – Azərbaycan Alumni Birliyi” olaraq qarşımıza qoyduğumuz məqsədlərə nail olmağımızda uğurlarımızın davamını arzulayıram.